XX ƏSRİN DAHİ
BƏSTƏKARI VƏ ŞƏXSİYYƏTİ
Zemfira Səfərova
Yaradıcılığa XX əsrin əvvəllərində
başlamış, həyatını isə onun
ortalarında tamamlamış Üzeyir Hacıbəyovun
musiqisi və bütövlükdə yaradıcılığı
bu gün biz musiqiçilərçün və ümumən
Azərbaycan xalqı üçün nə deməkdir?
Bu gün tam qətiyyətlə deyə bilərik
ki, artıq bir əsrə yaxın vaxt ərzində
çalınan, səslənən Ü.Hacıbəyov
musiqisi Azərbaycan xalqının canına, qanına
sirayət edərək onun bədii mədəniyyətinin
ayrılmaz hissəsinə çevrilmişdir. Necə
ki, Üzeyir bəy xalq musiqimiz haqqında deyirdi
ki, ona həmişə "ruh yüksəkliyi və
aydınlıq ehtizazı, sabahkı qalibiyyətə
möhkəm inam, mə'nəvi büllurluq, alicənablıq,
şücaət və qəhrəmanlığı
tərənnüm etmək xas olmuşdur", eləcə
də Hacıbəyovun musiqisi üçün də
bu cəhətlərlə bərabər, günəş
kimi parlaqlıq, əlvanlıq xas olmuşdur. Bütün
bu xüsusiyyətlər onun musiqisinin mahiyyətini
təşkil etmişdir.
U.Hacıbəyov dahi bəstəkar, Azərbaycanın,
eləcə də Şərq opera sənətinin
banisi, "Leyli və Məcnun", "Koroğlu" kimi təkrarsız
operaların müəllifi, böyük musiqişünas-alim,
bütöv musiqi-estetik konsepsiya yaratmış nəzəriyyəçi,
"Azərbaycan xalq musiqisinin əsasları" adlı
elmi-nəzəri risalənin müəllifi, görkəmli
dramaturq, "Ər və arvad", "O olmasın, bu olsun",
"Arşın mal alan" musiqili komediyalarının
əlvan, günəşli musiqisi ilə bərabər,
həm də bu əsərlərin librettolarının
müəllifi, alovlu publisist, jurnalist, saysız-hesabsız
dəyərli məqalələrin müəllifi,
gözəl pedaqoq, Azərbaycan bəstəkarları
və musiqişünaslarının iste'dadlı
nəslinin müəllimi, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Elmlər Akademiyasının
elmi-tədqiqat İncəsənət İnstitutunun
rəhbəri, Akademiyanın musiqi üzrə ilk
həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbaycan
Dövlət Konservatoriyasının təşkilatçısı,
onun rektoru və professoru, ilk çoxsəsli xorun,
ilk notlu xalq çalğı alətləri orkestrinin,
musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı
idi. O, Azərbaycan Dövlət himnlərinin (hər
ikisinin də) müəllifidir.
Bütün bunlar bizə haqq verir deyək ki,
XX əsrin xalqımıza bəxş etdiyi ən
böyük şəxsiyyətlərdən, ən
böyük simalardan biri Yzeyir Hacıbəyovdur.
1908-ci il 12 yanvar, Azərbaycanda və Şərqdə
ilk operanın premyerası. Bu gündən e'tibarən
Azərbaycan musiqisində elə bir sahə, elə
bir janr meydana gəlməmişdir ki, bu və ya
digər şəkildə Yzeyir Hacıbəyovun
adıyla bağlı olmasın.
Ü.Hacıbəyov iste'dadlı qələmini
ilk dəfə əsrin əvvəllərində
yaradıcılığa başlarkən bir publisist
kimi sınamışdır. 1905-ci ildən 20 yaşlı
gənc publisistin, o dövrün qəzet və jurnal
səhifələrində, ən aktual məsələlərə
həsr olunmuş məqalə və felyetonları
dərc olunur. O, bu yazılarında maarifçi-demokrat
kimi çıxış edərək, inqilabdan əvvəlki
Azərbaycan mədəniyyətinin inkişafında
misilsiz rol oynamışdır. Ü.Hacıbəyov
rus-Azərbaycan, Azərbaycan-rus lüğətlərinin,
məktəblilər üçün riyaziyyat dərsliyinin
tərtibçisi, Azərbaycan dilinə rus klassiklərinin,
o cümlədən N.V.Qoqolun "Şinel" povestinin
tərcüməçi olmuşdur.
Onun "Qədirşünaslıq", "Biz hamımız
qafqazlı balalarıyıq", "Ordan-burdan", "Filankəs"
imzası ilə çıxan yazıları, 1917-ci
ildə "Kaspi" qəzetinin səhifələrində
dərc olunmuş musiqi teatrı haqqında silsilə
məqalələri ("Səhnənin tərbiyəvi
əhəmiyyəti haqqında", "Opera və dramın
tərbiyəvi əhəmiyyəti haqqında"),
"Azərbaycan" qəzetində çıxan bir sıra
yazıları bu dövrün qiymətli məhsuludur.
Ü.Hacıbəyovun inqilabdan əvvəl yazdığı
publisistik əsərləri və komediyaları
onun Azərbaycan mədəniyyətində M.F.Axundovun
inqilabçı-mütərəqqi ən'ənələrini
davam etdirdiyini, C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ə.Haqverdiyev kimi demokrat yazıçıların
məslək dostu olduğunu, rus inqilabçı
demokratların tə'ciri altında yazıb yaratdığını
göstərir. Ü.Hacıbəyov yazılarında
dəfələrlə bu görkəmli şəxsiyyətlərin
əsərlərinə müraciət etmişdir.
Millilik və beynəlmiləllik problemini Ü.Hacıbəyov
dünya və milli mədəniyyətlərinin
nailiyyətlərinin üzvi sintezi kimi başa düşürdü.
Azərbaycan musiqisinin gələcək yolu məhz
Ü.Hacıbəyovun irəli sürdüyü,
əsasını qoyub apardığı yol oldu.
Ü.Hacıbəyovun ilk musiqi əsəri unikal
"Leyli və Məcnun" operasıdır. Unikal ona görədir
ki, bu əsər Şərqdə, eləcə də
Azərbaycanda opera sənətinin əsasını
qoymuşdur, unikal ona görədir ki, bu əsərdə
Azərbaycan professional bəstəkarlıq məktəbinin
bünövrəsi qoyulmuşdur, unikal həm də
ona görədir ki, muğamlara əsaslanaraq, "Leyli
və Məcnun" musiqimizdə muğam operasının
təməlini qoydu. Bu operadan sonra Ü.Hacıbəyovun
"Şeyx Sən'an", "Əsli və Kərəm",
"Şah Abbas və Xurşud Banu", "Harun və Leyla",
M.Maqomayevin "Şah İsmayıl", Z.Hacıbəyovun
"Aşıq Qərib" muğam operaları yarandı.
Lakin bu operaların arasında "Leyli və Məcnun"un
Azərbaycan musiqisi tarixində oynadığı
rol, xalqımızın qəlbində tutduğu
yer xüsusidir.
90 ildən artıqdır ki, bu opera səhnədən
düşmür, yeni-yeni ifaçılar - leylilər,
Məcnunlar nəsli yetişir. 22 yaşlı gənc
Üzeyir Hacıbəyovun yaratdığı "Leyli
və Məcnun" operasının bu 90 il ərzində
daimi, stabil uğurunun sirri, səbəbi nədədir?
Qədim muğamlarımızın gözəlliyində,
təkrarsızlığında, yoxsa dahi Füzulinin
eyni adlı poemasında, qəzəlllərində,
ya da gənc Üzeyirin operaya yazdığı musiqi
parçalarında, bəlkə o vaxtlar Hüseynqulu
Sarabskinin yaratdığı təkrarsız Məcnun
rolunda? Daha doğrusu, bunların ayrı-ayrılıqda
heç birində, eyni zamanda hamısında, onların
vəhdətində. Üzeyir bəyin iste'dadı
bunların hamısının vəhdətini, sintezini
yarada bilmişdir.
İlk Azərbaycan operasının əsas və
xarakter xüsusiyyəti həm də ondan ibarət
idi ki, bu əsərdə Ü.Hacıbəyovun
özünün bəstələdiyi musiqi ilə
xalq musiqisini bir-birindən ayıran səddi tapmaq
mümkün deyildi. "Leyli və Məcnun" operasının
bu xüsusiyyətini qeyd edən Ü.Hacıbəyov
yaradıcılığının ilk tədqiqatçılarından
olan V.Vinoqradov yazırdı: "Folklorun bəstəkarlıq
yaradıcılığına keçməsinə
musiqi tarixində bundan bariz nümunə tapmaq çətindir".
Səksəninci illərin əvvəllərində
Elmlər Akademiyasının rəhbər olduğum
"Musiqi sənəti" şö'bəsində Ü.Hacıbəyovun
musiqi əsərlərinin akademik nəşri çapa
hazırlanırdı. İlk əsər bəstəkarın
"Leyli və Məcnun" operasının partiturası
idi. Mə'lumdur ki, akademik nəşr üçün
musiqi əsərinin sonrakı təhriflərdən
və əlavələrdən təmizlənmiş
əsl müəllif mətninin olması vacibdir.
Ü.Hacıbəyovun bə'zi əsərlərinin
əlyazmaları qalmamış, bə'ziləri
isə yarımçıq şəkildə bizə
gəlib çatmışdır ki, bu da onun əsərlərinin
külliyyatının nəşrini çətinləşdirir.
"Leyli və Məcnun" operasının partiturası
olmamışdı, ilk dövrdə operanın tamaşaları
"direksion" əsasında qoyulmuşdur. Həmin "direksion"da
hansı muğamların harada, hansı iştirakçı
tərəfindən, hansı sözlərə ifa
edilməsi göstərilirdi. Muğam epizodları
nə "direksion"a, nə də sonralar partituraya yazılmamışdır,
muğamlar müğənnilər tərəfindən
improvizə edilirdi.
1983-cü ildə Səmərqənddə
keçirilən ikinci beynəlxalq simpoziumun iştirakçısı
kimi, mən ora yeni çıxan "Uzeir Qadjibekov" və
"Mir Moxsun Havvab" kitabçalarımı və birinci
cildlərin redaktoru Nazim Əliverdibəyovla hazırladığım
(mən baş məqalənin və elmi şərhlərin
müəllifi, redkollegiyanın üzvü idim)
"Leyli və Məcnun" operasının partiturasını
aparmışdım. Simpoziuma gələn qonaqlar,
xüsusilə də Moskva musiqişünasları
qalın, böyük həcmli "Leyli və Məcnun"un
partiturasını görüb soruşurdular ki,
yə'qin muğamları da nota köçürmüsünüz?
Biləndə ki, bu yalnız və yalnız Ü.Hacıbəyovun
özünün bəstələdiyi musiqidir, çox
təəccüb edirdilər, çünki çoxları
bilmirdi ki, bəstəkarın həmin operaya özünün
bu həcmdə bəstələdiyi musiqisi var. E'tiraf
edək ki, bu yalnız simpozium iştirakçılarına
aid deyildi, elə Bakıda da bir çoxları bu
fikirdə idilər.
"Leyli və Məcnun" operasında Şərq
və Qərb, milli və Avropa kimi iki lad sistemlərinin
vəhdətinin həyata keçirilməsi, sonrakı
illərdə həm Ü.Hacıbəyovun özü
üçün, həm də digər Azərbaycan
bəstəkarlarının yaradıcılığına
xas oldu. Bu operanın bir sıra xor epizodlarında,
məsələn, Məcnunun elçilərinin və
ya İbn-Səlamın elçilərinin xorunda və
s. Ü.Hacıbəyov, polifoniyanın ünsürlərini,
imitasiyanı tətbiq etmişdi. Polifonik ünsürlər
operanın bə'zi orkestr hissələrinə də
xasdır, onların içərisində V pərdənin
girişi, "Arazbarı" ritmik muğamı əsasında
qurulmuş orkestr epizodu xüsusilə seçilir.
Bu orkestr epizodu özünün müstəqilliyi
və bitkinliyi ilə diqqəti cəlb edir və
şübhəsiz Azərbaycan bəstəkarlarının
simfonik muğamlarının sələfi hesab edilə
bilər.