Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

ÜZEYİR HACIBƏYOVUN   
EV-MUZEYİNDƏ DÜŞÜNCƏLƏR.  

 

 Əbədiyyət nəsib deyil hər sənətkara,
Hər köçənin evi dönüb muzey olmayır.
Yüz-yüz bəzək vurdursa da daşa, divara,
Nə faydası-adı xalqa bəzək olmayır.

Ev muzeyi xatirəsi müqəddəslərin,
Bu dünyada ölümsüzlük vəsiqəsidir.
Ev muzeyi qəbri nurla dolan kəslərin
Ürəklərdə yaşamağa min il bəsidir.

Dəbdəbəyə, cah-cəlala baxmır gələnlər,
Sənətkarın nəfəsilə bağlanıb gedir.
Lap qaranlıq daxma olsun,-qədirbilənlər
Yaratdığı incilərlə nurlanıb gedir...

Budur, qədim bir imarət, ucqar məhəllə,
Qapısında heykəlləşən Üzeyir baba.
Mən çırpınan bir ürəklə, titrəyən dillə
Sənətkara salam verib girdim mehraba.

Bu tənəklər xoşbəxtdir ki, onu dinləyib,
Yer üzündə nə əvəzi, nə qiyməti var.
Bu ağaca Üzeyirin nəfəsi dəyib,
Gövdəsində sahibinin əzəməti var.

Payız vaxtı yarpaqların rəngi qızıldı,
Bir-bir qonub saçlarıma verdi səs-səsə.
Ürəyimə həzin-həzin bir not yazıldı,
Bülbül dindi, qulaq asdım ölməz
"Sənsiz"ə...

İliyimə, damarıma təzə qan kimi
Nəğmə axdı, tüğyan etdi sinəmdə ürək.
Bu muzeydə sətir-sətir gördüklərimi
Şəkil-şəkil gözlərimə köçürəm gərək.

Bura ömür aynasıdır-təmiz ləkəsiz,
Hər zərrəsi brillyantdan, qızıldan baha.
Bilirsənmi niyə olub sənət Məkkəmiz,
Bilirsənmi niyə dönüb zıyarətgaha?

Od parlayıb min ocağın gözünə bu ev,
Evsizləri öz başına yığıb anatək.
Deyirlər ki, hər gələnin üzünə bu ev
Gecə-gündüz açıq olub mehmanxanatək.

Yüz-yüz cavan iste'dadı qanadlandırıb,
Bir qocaman qartal kimi ucaldıb göyə.
Yüz-yüz ömrün yollarında işıq yandırıb,
Musiqimiz günəş kimi parlasın deyə.

Əfsuslar ki, o vaxt bura yolum düşməyib,
O köçəndə on dörd yaşlı uşaq olmuşam.
Ən nurani ağsaqqalla mən görüşməyib,
İndi özüm saç-saqqalı dümağ olmuşam.

Adam var ki, paltarını geyib Üzeyirin,
Aldığına şərik çıxıb, gözü doymayıb.
Ömür boyu çörəyini yeyib Üzeyirin,
Bircə dəfə bu muzeyə qədəm qoymayıb.

Bura sənət rübabımın Çənlibelidir,
O, bir evdən milyon qəlbə köçən
Koroğlu Yurdumuzun zəka nuru, nəğmə selidir,
O, xalqımın ağsaqqalı, həm də ki, oğlu.

Boran olub, tufan olub ömür yolunda,
Musiqisi "Vətən" deyib bəmdən ziləcən
Sənətiylə şəxsiyyəti dəmir yolunda
Relslər kimi qoşa gedib son mənziləcən.

Bura ömrün aynasıdır-təmiz, ləkəsiz,
Hər zərrəsi brilyantdan, qızıldan baha,
Üzeyirin ev-muzeyi sənət Məkkəmiz
Bu gün dönüb ən müqəddəs ziyarətgaha.

Tofiq Bayram.


 
   © Musigi Dunyasi, 2005