Sabahın nigahı açılan zaman
Yumdu gözlərini gözəl bir insan.
Daha vurmayacaq bu gündən demək
Sənətin eşqilə çarpan bir ürək...
Onun əsərində axan bulaqlar,
Sünbüllü tarlalar, meyvəlı bağlar,
Səadət, azadlıq, rəşadət, hünər,
Bununla fəxr edən bəxtiyar bəşər
Baharla oturdu, baharla durdu,
Onun dastanından vüqarla durdu
Bu günün, sabahın azad insanı.
Danışdı sənətin təmiz vicdanı...
Sabahın vicdanı açılan zaman
Yumdusa gözünü gözəl bir insan
Ona yoxdur ölüm, ölən bədəndir
Ölüm düha üçün əfsanədəndir
Yox, sənətkar ölməz, yaradan ölməz,
Xalqın sevimlisi heç zaman ölməz.
O verdi ömrünü gözəl sənətə,
Qovuşdu eşq ilə əbədiyyətə.
Onu el qəlbində daşıyacaqdır,
Yaşamış, hər zaman yaşayacaqdır
Leylinin, Məcnunun ülvi eşqindən
Əsər yaradana, nə cürətlə mən
Öldü söyləyərəm, bu olan deyil,
Yox, ölən o böyük yaradan deyil!
Ellər dinlədikcə "Koroğlu"sunu,
Hər zaman yanında görəcək onu.
Gələndə evlərdən musiqi səsi,
Onun duyulacaq ilıq nəfəsi.
Yox, mən gələcəyi gözəl görürəm
Bakının qoynunda heykəl görürəm
Ah, onun nə canlı baxışları var,
Üzeyirdir həmən böyük sənətkar.
Xalqın sevimlisi bəstəkar ölməz,
Ölməmiş, heç zaman, sənətkar ölməz,
O kəs ki, ömrünü verdi sənətə,
Qovuşdu eşqilə əbədiyyətə.
Xalqım bu dünyada nə qədər sağdır
Bizim Üzeyir də yaşayacaqdır!
Məmməd Rəhim.
|