Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

Dövlət duması açılmaq üzrədir. Hər bir vüzaratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur. Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şaiəyələr dövran etməkdədir.

Maarif vəziri nə etdi?

Maarif vəziri əvvəla tələbələri vükalət ixtiyarından məhrum edib professorların üzərinə də bir dərəcəyə qədər polis xidməti vəz etdi. Bundan başqa, qız könüllü tələbə-lərin zükur tələbələr ilə bir yerdə dərslərə qulaq asmaq iznini geri aldı.

Vəzir təklif edir ki, qızlara alahı dərs verilsin. Professorlar isə bunu qeyri-mümkün və icraedilməz bir iş olduğunu elan edirlər. İndi iş dumaya qalıbdır. Bu halda darülfünun üçün yeni nizam tərtib olunub, vəzirlər şurasında müzakirəyə alınıbdır. Bu nizamnamə sonra dumaya veriləcəkdir.

İştə duma darülfünun köməyinə gəlməlidir. Danışırlar ki, dövlət duması maarif vüzəratının islahı işində çalışaçaqdır. İndi qəzetələrdə fikirlər bəyan olunur ki, Dövlət duması senatın islahına dəxi çalışsın. Çünki bu halda, senat bir müəssisə olubdur ki, Dövlət duması kimi, vəzifəsi qanunsuzluq olan müəssisənin tədqiqi həyat üçün verdiyi qanunları «izah» namilə tamamilə ləğv edir. Doğrudan da senatı qanunsazlıq işinə qarışmadan mən etmək işi Dövlət duması üçün böyük bir vəzifədir.

Ümumdövlət üçün və baxüsus biz qafqazlılardan ötrü mühüm ədd olunan məsələlərdən biri də Qafqaz idarəsi məsələsidir. «Novoye vremya» qəzetəsi: Qafqazda inqilab var, hökumət başı boşluq edir, gedir, kimi ünvanlar ilə o qədər çığır-bağır etdi ki, canişini Qafqazın Peterburqa getməsinə və Qafqaz idarəsi işlərini təftiş etmək üçün bir senator göndərilməsi lazımdır kimi sözlər söyləməyinə səbəb oldu. Şübhəsizdir ki, duma bu səfərki iniqadlarında Qafqaz məsələsi ilə də uğraşaçaqdır. Deyirlər ki, canişi-ni Qafqaz bu barədə Qafqaza dair bir neçə qanun layihələri hazırlayıbdır ki, dumaya versin.

İndi bizim Qafqaz məbuslarımızın böyük vəzifəsi və məsuliyyəti burada da Qafqaz məbusları dumanı Qafqaz ilə tamam surətdə aşna etməyə və Qafqaz əhalisinin bütün ehtiyaclarını dumaya bildirməyə borcludur. Onlar dumanı xəbərdar etməlidirlər ki, madam ki, Qafqazda bəzi inqilab-cüyanə hərəkət və cinayət işləri baş verməkdədir, o surətdə onun səbəbi Qafqaz əhalisinin bir çox ehtiyacatının rəf edilməmiş bir halda qalmasından irəli gəlir. Ümidvarıq ki, ölkəmizin məbusları bu günə vəzifələrindən xəbərdardırlar.

Ümumrusiya müsəlmanları məbuslarına gəlincə onlar da burasını yaddan çıxartmamalıdırlar ki, keçən iniqad əsnasında bir şey etmədilər və Sibir və Türküstan kimi müsəlman yerlərinin dumada iştirak edəcək məbuslardan məhrum olmalarına qeydsiz baxdılar. Halbuki bu məsələni dumada moqei müzakirəyə qoymalı idilər. Yer və torpaq, maarif, mahaçir və bunlar kimi bir çox həyati məsələdə namüçməl qalıb müsəlman əhalisinin «Duma bizə nə yaxşılıq elədi?» kimi haqlı suallar verməsinə səbəb oldu.

Qoy müsəlman məbusları burasını həmişə nəzər önündə tutsunlar ki, 30 milyonluq müsəlmanların bütün ehtiyacat— milliyə, diniyyə, iqtisadiyyə, elmiyyə və sairlərinin rəfi yalnız bir dumaya bağlıdır. Duma isə bu məsələdə müsəlman məbuslarının ağzına baxacaqdır. İştə o ağız sahibləri; öz vəzifələrini pişəzvaxt yaxşıca düşünsünlər.

   

 

 

 

Hara qaçacaqdır.2

Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri3 — bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar:

«Səlam duadan sonra yazıb məlum edirik ki, «ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm»4, ona binaən Təbrizdən qaçdıq, vəssəlam.»

İndi mən öz-özümə fikir edirəm: yaxşı, bunlar hara qaçacaqdırlar?

Tehrana?

Xeyr! İndi bu saat Məmmədəli şahın onlara elə acığı tutub ki, hərgah o, «səd nəfər tənha»dan birini görsə, elə vurar ki, başı sünəhsalar məscidi kimi darmadağın olar.

Bəs hara? İranın sair şəhərlərinə?

Xeyr! Hərçəndi İranın sair şəhərləri Təbriz əhlini aldatdılar və yalandan dedilər ki, ay budur köməyə gəlirik, ay on min adam göndəririk, ay bu gün çatar, ay sabah çatar, habudur gəldilər, ha atlıların başı çıxdı — qərəz çox səs-küy elədilər, amma axırından bir şey çıxmadı, atlıların nə başı göründü, nə quyruğu, yazıq təbrizlilər gözlədilər, gözlədilər, axırda qət ümid olub dedilər: özünə bağla ümidini, özgəyə bağlama.

Amma genə də

— Heç ağlım kəsmir ki, bu şəhərin adamları Təbrizdən «qaçan» qəhrəmanlara aquşlarını açıb üzlərindən öpsünlər və desinlər: uxay, nə yaxşı ki, sağ, səlamət gəlib çıxdınız. Çünki, əgər bu şəhərlərin birində namus olmasa, barı insaf olar. O birində insaf olmasa, barı namus olar. Birində namus, insaf da olmasa, barı bir parça qeyrət olar. Bir ayrısında namus, insaf və bir parça qeyrət və bir qədər həmiyyət olmasa, bir dıtdaq mürüvvət olar. Bir özgəsində namus, insaf, bir parça qeyrət, bir qədər həmiyyət və bir dıtdaq mürüvvət olmasa, barı bir barmaq ağıl olar. Yenə bir başqasında namus, insaf bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət, bir barmaq ağıl olmasa da barı bir anbar qorxaqlıq olar.

Amma qorxaqlıq olar, çünki qorxaqlıq oldu ki, Təbrizə köməyə getmədilər və indi qorxaqlıq olar ki, Təbrizə kömək edərlər, çünki daha Səttarxanın gücü məlum oldu. Kişi padşah ilə padşahlıq etdi. Halbuki bütün İran və bizim Bakıda bütün Quba meydanının5 adamları deyirdilər ki, padşahnan padşahlıq eləmək olmaz. Amma görünür ki, olar və necə ki, oldu. Hə bəs indi bu adamlar hara qaçacaqdırlar?

Rusiyaya?...

Xeyr, Rusiyada məşrutə var. Məşrutəli yer onları qə bul etməz.

Bəs hara?

Elə mən bu fikirdə idim ki, gördüm idarəmizin qabağında iki nəfər adam acıqlı danışıb, biri deyir:

— Adə, boynu sınmış Səfər necə oldu?

O biri deyir:

— Getdi.

— Hara?

— Əşi cəhənnəmə, gora! Mən nə bilim!

İndi ağlım kəsir ki, mənim sualıma da bu cürə cavab verməkdən başqa bir çarə yoxdur.


1. «Rusiyaya dair» məqalə «Tərəqqi» qəzetinin 1908-ci il 2 oktyabr tarixli 67-ci nömrəsinin 3-cü səhifəsində «Üzeyir» imzası ilə dərc edilmişdir. Burada söhbət uçüncü Dövlət dumasının müzakirə edəcəyi məsələlərdən gedir. Lakin bu dumanın da tərkibi (442 deputatdan 300-ü mülkədar, burcuaziya və ruhanilərin nümayəndəsi idi) zəhmətkeş əhalinin, o cümlədən Azərbaycan xalqının həyatı ehtiyaclarının ödənəcəyinə heç də ümid vermirdi. Azərbaycandan və Ermənistandan deputat «seçilmiş» mülkədar X. Xasməmmədov və daşnak H. Sağatelyan kimilərdən nə gözləmək olardı? Onu da qeyd etmək lazımdır ki, üçüncü dumaya Rusiyada yaşayan «müsəlman» əhalisindən cəmi 10 deputat (dördü Ufadan, ikisi Kazandan, ikisi Qafqazdan, biri Orenburqdan, biri də Krımdan) seçilmişdi ki, bunlar da dumada «müsəlman fraksiyası» təşkil edərək bütün müzakirə edilən məsələlərdə kadet partiyası ilə əlbir idilər.
2. Məqalə müəllifinin İran inqilabçılarına olan rəğbətini bildirən «Rara qaçacaqlar» sərlövhəli yazı «Tərəqqi» qəzetinin 1908-ci il 3 oktyabr tarixli 68-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» imzası ilə dərc olunmuşdur.
3.Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim — İran irtisaçıları, şahın tərəfdarları, Təbriz əhalisinin qəzəbindən qaçıb janlarını qurtaranlardır.
4. Ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm (əslində cəm sözü həmroh olmalıdır) — farscadır, mənası belədir: Biz yüz nəfər idik, tək onlar bir nəfər idilər, ancaq cəm idilər.
5. Quba meydanı—indi M. Əzizbəyov adına Azərbaycan Dəvlət Dram Teatrının qarşısındakı bağça; burada keçmişdə kiçik, darısqal dükanlarda alış-veriş pedərdi. Açıq meydançada dərvişlər nağıl söyləyərdilər, meymun və ilan oynadardılar, çıxış edərdilər.  


 

 
   © Musigi Dunyasi, 2005