İdarəmizə poçt gələn kimi hamımız
yığılırıq başına ki, görək
nə var, nə yox. Biz qəzetlərə baxırıq,
müdirimiz də məktubların konvertini bir-bir
cırıb qoyur kənara və deyir:
— Aləm şair oldu!
— Biz soruşduq:
— Necə?
Müdir dinməyib, kənara qoyduğu kağızlara
işarə edir.
Baxıb görürük ki, hamısı şerdir.
Çox gözəl, heç sözümüz yoxdur
və bunu da bilirik ki, şairlik böyük bir vergidir
və şeri oxuyan da gərək bundan bir ləzzət
anlasın və ya özündə bir hüsn hissi
oyandığını bilsin.
Bu əhvalatı nəzərdə tutub başlayırıq
şerlərdən bir-bir oxumağa. Görürük
ki, biri belə yazıbdır:
|
Ey olan
qanına qəltan İran,
Hansı zalım etdi səni belə viran? |
Yoldaşlarımızdan biri deyir: — İran padşahı!
Biz də təsdiq edirik ki, bəli, İran şahı
və görürük ki, bu sualın heç mətləbə
dəxli yoxdur.
Sonra dalısını oxuyuruq, görurük «şair»,
«İran», «viran» gəlmələrinə bir qafiyə
tapıb: can. Və bu qafiyəni şerə salmaq
üçün belə deyibdir:
|
Gör
necə oldular qurban neçə can |
Yoldaşlarımız bir-birinin üzünə
baxıb və başını bulayır.
Dalını oxuyuruq — qurban sözü tapıb və
yazıbdır.
|
Tiqi bürranilə
oldular qurban! |
Baxırıq ki, bizdə heç bir hiss oyanmır.
Ancaq yadımıza nədənsə Rüstəm
pəhləvan düşür.
Dalısını oxuyuruq:
|
Qırdılar
hamını tamam yeksər,
Qaldı orda bircə pədər. |
«Şair» burasını yazdıqda yəqin güman
edirmiş ki, oxuyanlar ağlayacaqlar. Amma sözün
doğrusu, bizi gülmək tutur və yoldaşlarımızdan
biri deyir:
|
— Yəqin dalı
da olacaq—dərbədər.
Doğrudan da görürük yazıbdır
ki,:
Övrət, uşaq oldu dərbədər.
Çığırdı qundaqda tifli südəmər.
|
Burada yoldaşlarımızdan biri təvəqqə
edir ki, izn verək şerin dalısını o desin
və heç dayanmayıb bir nəfəs almaya deyir:
|
Səyin oldu ey
şair lap hədər
Bu cürə şerlər səbətə gedər.
Şer yazmaq da çox hünər istər.
Səndə də yoxdur bir belə hünər.
Sən get bu dərsi bir elə əzbər və
de:
Əlif, bey, püş, dü zəbər, düzir!
|
Doğrudan da şairlərimiz bunu yadlarından
çıxarmasınlar ki, şerin hər bir fərdi,
— məlumdur, — hissin tərcümani olmalıdır
ki, oxuyan kəsdə də o hiss oyansın. Yoxsa
qafiyəbazlığa qalsa, aşıq Pəri xala2
da şairdir ki, deyibdir:
|
Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi
Gedib canana deyin ki,
Bu qəlb o qəlbnəndi. |
«Novoye vremya» qəzetində yazdığı4
beş-altı sətr şeylər əvəzində
12 min manat məvacib alan Stolıpin5
(baş vəzirin qardaşıdır) İran barəsində
belə yazır:
«Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə
gedib mehmannəvaz bir iranlının evində qalır.
Çörək yedikdən sonra haman qulluqçu papiros
çəkib spiçkanın qutusunu yerə atır.
İranlı töz qutunu götürüb başlayıb
ora-burasına tamaşa eləməyə...»
(Yəni deyir, iranlı o qədər vəhşi
idi ki, spiçka qutusu da görməmişdi).
«Qutunun üstündə Pyotr Kəbirin şəkili
vardı...»
Mən 25 ildir ki, papiros çəkib, min cürə
spiçka qutusu görmüşəm. Heç birinin
üstündə rus padşahı Pyotr Kəbirin
şəklini görməmişəm.
«Qulluqçu şəkilin kim olduğunu iranlıya
qandırdıqda iranlı ona ehtiram etməyə
başlayır, öpür və kəmali-təntənə
və dəbdəbə ilə spiçka qutusunu yuxarı
başa qoyub deyir ki:
— Bunu iki gözüm kimi saxlayacağam».
(Bəli! Yəni iranlılar vəhşilikdən
savayi bir də çox padşahpərəstdirlər,
demək istəyir.)
«Mən İranda olmuşam, amma məndən ötrü
çox təəccübdür, nə təhər
oldu ki, iranlılar birdən inqilab başladılar?»
Yəni deyir: Necə ola bildi ki, vəhşilikdən
spiçka qutusunu öpüb gözlərinin üstünə
qoyan iranlılar birdən hürriyyət və azadlıqdan
dəm vurmağa başladılar? Bunlar haman iranlılar
dəyillərmi ki?
«Dəmir yolunda işləyən zaman iki min nəfərləri
bir balaca türkmən dəstəsi qabağından
dovşan kimi qaçırdılar?... Bu tayfa cəmi-cümlətanı
bir iyirmi ilin ərzində bu qədər dəyişə
bilərmi? Buna inanmaq çətindir.»
(İndi ağzımı açıb burada bir neçə
söz deyərəm... sonra məni qınayarlar).
«Yox, mən inanmıram İran inqilabına. Bu nə
inqilabdır ki, beş yüz qazağın rus polkovniki
sərgərdəliyi ilə olan hücumu ilə
sakit oldu...»
Cənab yazıçının daldakı sözlərindən
bu çıxır ki, şah özü tazə fikir
sahibi bir adamdır və çamaat o ağılda
ola bilməz və iranlılar şah ilə hürriyyət
davası etməyib, bəlkə cəhalət davası
edirlər.
Şahın tazə fikir sahibi olduğunu yazıçı
çənabları yəqin kəsilmiş başlardan,
cırılmış qarınlardan və asılmış
bədənlərdən bilir. Doğrudan da ölülərin
qarnını cırmaq tazə fikirdir! Amma Stolıpin
cənabları isə, bu da İran işlərində
taza cahildir, zira ki, — «iranlılar inqilab bacarmazlar,
çünki bir İran kəndlisi spiçka qutusunu
öpmüşdü və beş-altı hambal
da türkmənlərdən qorxmuşlar». Demək,
məntiq cəhətincə böyük bir cəhalətdir
və Mələgəl-Mütəgəllimeynləri,
Cahangir xanları6,
Təbatəbai7
və s. hürriyyət qurbanlarını şahdan
ağılsız hesab etmək— insaf cəhətincə
böyük bir ağılsızlıqdır.
Məşədi Kabilin başı çox qarışıq
idi, cürbəcür «vajnı» işləri var
idi ki, bunların hamısını bir-bir düzəltmək
lazım idi. Bir işi o idi ki, gərək oğlunu
işkolaya qoysun; ondan sonra qızını köçürsün
və bunlar hamısı keçəndən sonra
Təbrizə gedib mal gətirsin və dükanını
olduğu yerdən ayrı bir yerə köçürsün
və bundan başqa o qədər xırda işləri
var idi ki, bəzi vaxt heç başını qaşımağa
da macalı olmurdu.
Məşədi Kabilə məsləhət gördülər
ki, əvvəlcə Təbrizə gedib dükan
işlərini düzəltsin, sonra o biri işlərinə
şüru etsin.
— Elə yaxşıdır, əvvəlcə işlərini
bir qurtar, sonra allah qoysa qayıdarsan, çan sağlığı
olsun, o biri işlərini də düzəldərsən!
— deyib arvadı da Məşədi Kabilə bunu
məsləhət gördü.
Məşədi razı oldu və başladı
Təbrizə səfərə hazırlaşmağa...
Söyləyirlər ki, London ingilisləri bazardan
evlərinə bir parça kağız yazıb göndərirlər
ki: «Məni nahara gözləməyin, Hindistana gedəcəyəm»
və arvad uşağı ilə görüşməyi
qayıdan başa qoyub paraxoda minib gedirlər. Amma
bizim müsəlmanlar nədənsə qürbətdən
çox qorxurlar.
Odur, məsələn, Bakıdan Biləçəriyə
və ya Şuşa qalasından Ağdama getmək
lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflənir
və yola düşəndə də az qalırlar
ki, ağlaşma qursunlar.
İndi Məşədi Kabil də Təbrizə
gedəcəyini yadına salıb bir az bikef olmuşdu,
arvad-uşaqlar da bikef idi. Ancaq bircə Kərbəlayi
Səfinin veçinə deyildi. Pəncərənin
altında oturub səfərə hazırlaşan
Məşədi Kabili gözləyirdi və uşaqlara
təsəlli vermək üçün deyirdi:
— Allah qoysa atanız bu gün çıxar, bir-iki
gündən sonra olar Təbrizdə, amma görün
Sizə nələr gətirəcək! Təbriz
yemişi, bax, kişmişləri bu boyda olur, bax,
badamları qoz boyda, çoxlu xurma gətirəcəkdir
ki, biri yumruq böyüklükdə.
İşin bu məqamı balaca uşaqların
bir qədər kefini açdı. Balaca Səməd
isə tək bir yer-yemişlərə kifayət
etməyib bir Təbriz xoruzu da istədi.
— Bəs Təbriz xoruzu da gətirər, — deyib Kərbəlayi
Səfi onu arxayın etdi. İki saatdan sonra min cürə
dualar ilə, daldan su atmaq ilə, qapıya quran çıxartmaq
ilə Məşədi Kabili yola saldılar...
Bir saatdan sonra bazara xəbər düşdü
ki, Məşədi Kabili paraxod qabağında öldürdülər!
1. Felyeton «Tərəqqi» qəzetinin
1908-ci il 6 iyul tarixli 3-cü nömrəsinin 3-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc olunmuşdur.
2. Pəri xala — XIX əsrin axırlarında Qarabağ
mahalında məşhur aşıq idi.
3. Felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 8 iyul
tarixli 4-cü nömrəsinin 3-cü səhifəsində
«Filankəs» imzası ilə dərc edilmişdir.
4.«Novoye vremya» qəzeti 1868—1917-ci illərdə Peterburqda
nəşr edilirdi;
5. Burada adı çəkilən jurnalist Stolıpin
qəddar irticaçı, 1906—1911-ci illərdə
əvvəlcə daxili işlər naziri, sonralar
isə baş nazir olmuş və 1911-ci ildə Kiyev
teatrında qabaqcadan təşkil edilmiş suiqəsd
nəticəsində öldürülmüş
Pyotr Arkadyeviç Stolıpinin (1862—1911) qardaşıdır.
6.Cahangir xan — İranın mütərəqqi jurnalisti,
«Suri-İsrafil» jurnalınıni redaktoru idi; Məmmədəli
şahın əmri ilə edam edilmişdir.
7. Təbatəbai — İran müctəhidi idi.
8. Azərbaycan xalqının səadəti, xoşbəxtliyi
uğrunda daima can yandıran Üzeyir Hacıbəyov
öz yazılarında cahalət və nadanlığı
yorulmadan ifşa edir, vəhşi hərəkətlərə
qarşı nifrət oyadırdı. Satqın qoçuların
əli ilə ev yarmaq, suiqəsd etmək, adam öldürmək
kimi çirkin hərəkətləri pisləyən
bu felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 10 iyul
tarixli 6-cı nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə çap
edilmişdir.
|
|
|