Yazıq ermənilər!
Genə yazıq ermənilər!
Axı sizə kim qarğış etmişdi?
Kimin ahü-nəvası sizi tutdu?
Kim bəs sizə dua elədi ki, axırda siz də
mübtəla oldunuz?
— Nəyə?
— Operaya, operettaya! Yazıq ermənilər! Genə
yazıq ermənilər!
Axı siz görmədinizmi ki, necə bu «opera» müsəlman
millətinin evini yıxdı?
Aya görmədinizmi ki, müsəlmanların «millətpərəst»
jurnalçıları, operanın müsəlman
millətinə vurduğu «zərərləri» bir-bir
sadalayıb ağlaşma qurub, oxşayırlar,
başlarını bulayırlar, ağızlarını
açıb gözlərini yumurlar, gözlərini
yumub ağızlarını açırlar.
Hələ millətpərəst və millətin
tərəqqisini «səmimi-qəlbdən» arzu edən
curnalçılar dursunlar kənarda; aya siz özünüz
görmürsünüzmü, eşitmirsinizmi ki,
Qafqaz müsəlmanları bu «opera» meydana çıxandan
bəri necə xarab olubdurlar? Müsəlman nə
idi musiqi nə idi! Müsəlmanın sənəti
gərək il uzunu ağlamaq olaydı... ax-vay olaydı!..
Halbuki indi hara gedirsən — «Əsli və Kərəm»
genə: dandırı, dandırı, dandırı,
dan-dan ey; «O olmasın bu olsun»un: «Məşədi
İbad sən bizə xoş gəlib bizi şad
elə-din?», «Arşın mal alan»ın: «Günüz
axşam fikrim-zikrim arşın mal alan»ın, «Leyli
və Məcnun»un: «Söylə bir görüm ərəb
bu cavan nədən xəstə».
Tacirimizə bax, eşidibdir ki, bu gün «Əsli
və Kərəm» oynanılır, dükanı
bağlayıb teatra yügürür! Halbuki əvvəllərdə
tacirimiz musiqi səsi eşidəndə qulaqlarına
pambıq tıxayırdı ki, eşitməsin!
Bəylərimizə bax, eşidibdir ki, bu gün
«Arşın mal alan» oynanılır, tələsir
ki, tez gedib bilet alsın! Halbuki əvvəllərdə
bəylərimiz gecələrini qayda ilə şantanlarda
keçirirdilər!
Qoçumuza bax, eşidibdir ki, bu gecə «O olmasın
bu olsun» oynanılır, qollarını ata-ata teatra
gedir! Halbuki əvvəllərdə qoçularımız
öz sənətləri olan qoçuluğa məşğul
olub teatr-myatr bilməzdilər.
Bah, bah! Arvadlarımıza bax, arvadlarımıza!
Dəstə çəkib teatra gedirlər!! halbuki
əvvəllərdə arvadlarımız hamam ilə
ağlaşmaqdan başqa özgə şey bilməzdilər!..
Yazıq ermənilər!
Genə yazıq ermənilər!
Bəs siz ki, bizdən ağıllı idiniz!
Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi
ziyandır!
A yazıq ermənilər, nə üçün
özünüzü bəlaya salıb «Arşın
mal alan»ı, «Məşədi İbad»ı öz
dilinizə çevirdiniz, a bədbəxtlər!?
Məgər sizin «tərəqqipərvər» və
«millətpərəst» jurnalçılarınız
yox idi ki, sizi bu «bəla»dan piş-əzvəxt xəbərdar
edə idi!...
Ax yazıq ermənilər!
Genə yazıq ermənilər!
Hayıf, hayıf!
Əfsus, səd əfsus!
Deyirlər ki, opera dramanın evini yıxdı...
Qərəz, sözümüz bunda deyildir və
bəhsimiz də özgə şey üstündədir.
Məqsədimiz budur ki, oxucularımıza bir qədər
də teatr «məlumatı» verək. Çünki
yəqinimdir ki, bizim oxucularımız:
— Drama, komediya, tragediya, opera — sözlərini özgə
cürə başa düşürlər; Halbuki
bu sözlərin mənaları oxucularımızın
bildiyi kimi deyildir.
Ay oxucu, taxsır səndədir! hərgah keçən
cümə günü teatra gedib «Qəzəvat»
dramasına baxsaydın, o halda yuxarıdakı sözlərin
əsil mənasını öyrənərdin!
İndi ki, sən getməyibsən, onda qulaq as deyim:
Deyirlər ki, opera dramanın evini yıxdı. Bağışlayın,
bu sözlərin buraya dəxli yoxdur. Birdən-birə
fikrimə gəlib dedim! Bəli, keçək mətləbə:
— Gedib teatrda əyləşirsən, pərdə
qalxır, oyun başlanır, tamaşa edirsən.
Birdən görürsən ki, artist sözünü
qurtarıb, o yana-bu yana baxır, sıxılır,
qısılır, bilmir ki, nə eləsin: utanır,
tərləyir, dodaqlarını gəmirir, camaat
da gözlərini bunun üzünə dikib gözləyirlər
ki, görək oyunun dalı necə olacaqdır.
Binəva artist yalvarıcı bir nəzərlə
gah qapılara, gah səhnə dalına, gah suflyor
hininə göz dolandırıb, amma heç bir yerdən
kömək görmür. Bu binəvanı camaat
qabağında belə bir çətin hala salan onun
öz yoldaşıdır ki, gərək çıxıb
o da öz sözünü deyə idi; amma yoldaşı
bivəfalıq edib çıxmaq istəmir... İndi
səhnədə naəlac qalmış olan bu artistin
əhvalına deyərlər—drama.
Bəli, deyirlər ki, opera dramanın evini yıxdı...
Ax, genə bu söz dilimə gəldi dedim. Zərər
yoxdur! Söhbətin dalına qulaq as.
Teatrda əyləşib tamaşaya qulaq asırsan.
Birdən görürsən ki, söhbətin şirin
yerində pərdə düşdü. Camaat qaldı
məəttəl, sonra pərdə qalxdı; sonra
yenə endi, sonra yenə qalxdı, sonra yenə endi,
bu işin adına deyərlər—komediya.
Deyirlər ki, opera dramanı... Əşi tulla bu
sözü! Onsuz da bu barədə dörd-beş
ildir ki, danışırlar, qulaq as:
Bəli, teatrda artist səhnədə məəttəl
və tamaşaçılar da oyunun dalına müntəzir
qalıb, pərdə gah enir, gah qalxır, gah enir,
gah qalxır. Camaat bu komediyadan xoşlanmır, ovqattəlxlik
əmələ gəlir. Xalq narazılıq izhar
edir. O halda teatr qoyan binəva başı yalovlu,
ora yügürür, bura yügürür, ona yalvarır,
buna yalvarır, axırda naəlaç qalıb iki
əlilə başının tüklərini yolur;
bunun da bu halına deyərlər—tragediya.
Camaat görür ki, işlər şuluxdur. Durub
yavaş-yavaş dağılırlar və gedə-gedə
yolda bu havanı «Heyratı» üstündə oxuyurlar:
Əvvəldən bilseydim, almazdım bu bileti; Dramaçılara
allahdan ağıl istərdim. Buna deyərlər—opera.
Bunlar hamısı keçəndən sonra qəzet
oxuyanlardan və qə-zet oxuyanlara qulaq asanlardan və
qulaq asanların söhbətinə yığışanlardan,
qərəz müsəlmanların hamısından
təvəqqə olunur ki, qurban dərilərini3
cəmiyyəti-xeyriyyəyə versinlər ki, Qars
fəlakət zədələrinin4
ehtiyacına sərf olunsun; başqa təmənnamız
yoxdur.
1. Ordan-burdan sərlövhəli
felyeton «Yeni iqbal» qəzetinin 1915-ci il 21 sentyabr
tarixli nömrəsində «Filankəs» imzası
ilə dərc edilmişdir.
2. Ordan-burdan başlığı ilə verilmiş
yazı «Yeni iqbal» qəzetinin 1915-ci il 6 oktyabr tarixli
nömrəsində «Filankəs» imzası ilə
dərc edilmişdir.
3. Qurban bayramında kəsilən heyvanların
dəriləri nəzərdə tutulur.
4. Qarsda zəlzələdən zərər çəkənlər
nəzərdə tutulur.