Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Məktublar


 

 

5-ci MƏKTUB  

 

 

 ƏZİZİM MÜSLÜM!

Bu gün necə olursa-olsun, sənə kağız yazmağı qət etmişəm. Əvvəla, təbriklər və pul üçün sənə və hamınıza təşəkkür edirəm; konservatoriyaya 126 man. 20 qəp. verdim, çünki yanvardan daxil olanlar artıq verməlidirlər.

Bəli! Axır ki, konservatoriyanın tələbəsiyəm. Mən harmoniya sinfinə, yə'ni məhz nəzəriyyəçilərin qəbul olunduğu sinfə daxil olmuşam; əgər fortepianoda yaxşı çala bilsəydim, kontrapunkt sinfinə, yə'ni bir sinif yuxarı daxil ola bilərdim. Lakin birdən-birə kontrapunkt sinfinə qəbul olunmaq çox çətindir, mən elə bir adam tanımıram ki, kontrapunkt sinfinə daxil olsun, ən hazırlıqlı adamlara belə bir il harmoniya sinfində oxumağı məsləhət görürlər. Lakin mən buna da sevinirəm, çünki güman etdiyimin əksinə olaraq, harmoniya sinfində tələbkarlıq böyük, iş çoxdur, ümumiyyətlə bütün bunlar əvvəlcə mənə asan görünürdü, əslində isə qətiyyən belə deyil, konservatoriyaya daxil olmaq çox çətindir.

Hazırda işim olduqca çoxdur: hər gün Konservatoriyaya gedirəm: həftədə 2 dəfə fortepianoya, 2 dəfə praktik harmoniyaya; özü də hər dəfə cavab verməli olduğum üçün hər bir dərsə hazırlaşmalıyam; gündə 6—7—8 saat işləyirəm! Mayın əvvəlində keçirmə imtahanlarıdır, ona görə də gərgin çalışmaq lazımdır! Bütün bu səbəblərə görə bu il yeni bir şey yaza bilməmişəm, başımın nə qədər qarışıq olduğuna Məleykə şahiddir. Əgər yeni bir şey yazsam, ancaq yayda yaza bilərəm; ümid edirəm ki, bu il bir təhər yola verər və əlavə qazanc xatirinə işdən ayrılmağıma razı olmazsınız.

Bilmirəm, yayı necə və harada keçirim, bu məsələ ona görə çətinlik törədir ki, pianodan ayrıla bilmərəm, bütün yayı çalmalıyam, lakin yaylaqda piano nə gəzir? Bu məsələnin həllini maya saxlamışıq, onda fikirləşərik.

Günlərimiz yekrəng keçir, doğrudur, bə'zən simfonik konsertlərə gedirik, bu mənim üçün vacibdir; bundan əlavə hər şənbə günü konservatoriyada ən yaxşı orkestrlərdən birini dinləyirəm, konservatoriyanın tələbəsi kimi, ildə bir neçə dəfə 50 qəpiklik biletlə Mariinsk teatrına gedə bilirəm; artıq bir dəfə gedib Vaqgerin «Loenqrin» əsərinə baxmışam. Əsil teatr belə olar! Buraya bilet tapmaq çox çətindir, yazıq tələbələr bilet almaq üçün bütün gecəni teatrın qapısı ağzında növbə çəkməli olurlar. Sabah Məleykə ilə birlikdə konservatoriyanın direktoru Qlazunovun idarə etdiyi simfonik konsertə gedirəm.

Peterburqda yaşamağımıza baxmayaraq, hər gün sobada kabab bişirib yeyirik, çox dadlı, ləzzətlidir, həm də ucuz başa gəlir; çünki restoran xörəkləri adamı var-yoxdan çıxardır; həm pulun gedir, həm də sağlamlığın; bir sözlə, artıq tələbə kimi yaşamağı öyrənmişik; bununla belə xərcimiz çox çıxır, çünki burada hər addımda pul gedir, hətta qonaq getdikdə belə yol xərcindən başqa, qapıçıya da vermək lazımdır. Yaz görüm, necəsiniz, nədənsə bizə heç kəs kağız yazmır. Məktub gəlmədikdə, Məleykə darıxır. Yazıq İmranın1 faciəli ölümü mənə çox pis tə'sir elədi, heyif ondan.

Badyuşa və bizimkilərin hamısına salam, Camulu öp, kağız yaz.

Sənin Üzeyrin.
7 fevral 1914-cü il SPb


1.İmran Qasımov — podratçı-inşaatçı, həmin illər dəfələrlə opera tamaşalarında aktyor kimi çıxış etmişdir; Ə. Qarayev və Poluxin küçələrinin tinində tikintisi başa çatdırılmış binadan (keçmiş Əli Bayramov adına qadınlar klubu) düşüb həlak olmuşdur.

 

 

 

 

 

 

 
   © Musigi Dunyasi, 2005