Hanı dahiliyə gedən yol, tanı,
Onun ilk yolçusu, son yolçusu kim.
Dolayıb qoluma göy qurşağını,
O yoldan qəlblərə nur yolu çəkim.
O yolda Nizami zirvələri var,
Zirvədə zamanın zərbələri var.
Fəqət nə əyilər, nə də sınarlar,
Dayanıb durarlar buludlarla tən.
O yolda kök atıb bitən çinarlar,
Su içib Nəsimi cəsarətindən.
Su içib Füzuli şikayətindən,
Hər bəndi, bərəsi taledən keçər.
Puşkinə tuşlanan tələdən keçər,
Cordano Brunolu tonqaldan keçər.–
Közərən, qızaran manqaldan keçər,
O yolda ən əf'i ilanlar olub.
Bə'zən özünü də çalanlar olub.
Daranıb, dayanıb kimsə tərsinə
Çağırıb çoxlarını
Gah Avropa dərsinə,
Gah Asiya dərsinə.
Gah Şərqi, gah Qərbi yamsılamağa
Özgə bucağını imsiləməyə.
Yaxşı ki, çoxları Üzeyirləşib,
Bərkiyib, bişib.
Ancaq çəkiməyib öz qınına da.
Cumub Çaykovski ümmanına da.
Baş vurub Bethoven dənizinə də,
Ölənlər, qalanlar əvəzinə də.
Hərdən bığlarını tumarlayaraq,
öz kökü üstündə boy atıb ancaq.
Elə bununçün də dahiləşibdir.
Və ümmanlaşıbdır, sahilləşibdir.
Hanı dahiliyə gedən yol, tanı,
Özün dahi bilib, dahi sananı.
Dalda qeybət qırıb, dostu dananı,
Hörmət zəlilərini, Sərvət zəlillərini.
Yorub yarı yolda qoyar o yollar,
Qolunu, qılçını qırar o yollar.
Çəkib bir atlının,
Quş qanadlının tərkindən salar,
Əl çəkməz bu halı tərgitməsələr.
Bəli, dahiliyə gedən yol çətin,-
Vaqiflər əzmi gərək,
Sabirlər əzmi gərək,
Burda Üzeyirlər dözümü gərək.
Famil Mehdi.
|