Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Poeziya



ŞÖHRƏT TACI 
 

BÖYÜK BƏSTƏKAR.     

 

 Qartal kimi qanadlanıb fəzaları aşarsan.
Bir ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın kamalı.
Zaman görmüş, dünya görmüş müqəddəs bir
Vətənin Övladısan!.. Şərəfindir, şöhrətindir bu sənin.
Hər dil açıb danışdıqca yaratdığın nəğmələr.
Günəş kimi bayraq çəkib xəyalıma min səhər...
Min səhər ki, onun hüsnü şeir qədər gözəldir. .
Yaratdığın o günəşlər, o çəmənlər gözəldir
Gözəlliyin heykəlidir sənətində canlanan.
Vətən mülkü alqış deyir bu sənətə hər zaman!
Dil açdıqca rübabının o mə'nalı telləri.
Ürəyində min ney tutub Azərbaycan elləri...
Nəğmən gəzir çəmənləri gözəllərin dilində,
Sevdasına qanad verir bülbülün də, gülün də...
Nə zaman ki, ümman olub dalğalanır ürəyin,
Mən duyuram mənasını min müqəddəs diləyin,
Sən ki, həyat aşiqisən... qoy bu eşqin var olsun...
Nəsillərdən-nəsillərə adın yadigar olsun!
Qartal kimi qanadlarub fəzaları aşarsan,
Bir ülviyyət aləminin qucağında yaşarsan,
O aləmin zinətidir ayın, günün camalı,
Rübabında qanad açır insanlığın kamalı.

Səməd Vurğun.

EŞQ OLSUN SƏNƏTKARA!      

Bir qocaman qartalın qanadları dayandı,
O, bir daha qıy vurub dağlardan keçməyəcək
Dünya öz yerindədir yenə səhər oyandı,
O, vətən dağlarının suyundan içməyəcək.

Ah, o, bir də göz açıb görməyəcək aləmi,
Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.
Susdu onun rübabı, sındı qurşun qələmi
Yeni-yeni nəğmələr qoşmayacaq o bizə

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Budur, baxır üzümə, baxır sənətkar gözü,
Yenə gülür danışır, nəfəs alır Üzeyir,
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsində qanad açır min şe'r.

O sabah da bizimlə addımlayır yanaşı,
"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şe'rinın bir bəstəkar qardaşı!
Şöhrət tapdı adınla bizim ana yurdumuz.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...

Mən bu kiçik şe'rimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla.

Səməd Vurğun.


 
   © Musigi Dunyasi, 2005