Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 


 

Azərbaycan türkləri istedadi-musiqicə nə osmanlı türklərindən, nə də qonşuları iranilərdən2 heç də geri qalan deyildirlər. Qafqaz millətləri içində isə musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz. Bunların bir çoxu məşhur xanəndə və sazəndələri deyil, yalnız özləri içində, bəlkə ümum Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır. Tarzən sadıqların, xanəndə əbdülbağıların, aşıq nəcəfquluların adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlardır. Əgər əvvəldən bir taqım dini, ürfi və siyasi məmaniyətlər mövcud olmasaydı, Azərbaycan türkləri deyil, yalnız Şərqin, bəlkə Qərbin dəxi meydani-sənətinə də məharət göstərib rəqabət edə biləcək sənətkarlar yetişdirə bilərlərdi.

Azərbaycan türklərinin musiqisi və bu musiqinin əsasları haqqında «Maarif və mədəniyyət» məcmuəsinin irəlidəki nömrələrində müfəssəl mə'lumat verəcəyimizi və'd edib əsil mövzumuz olan məsələyə keçirik. Bu məsələ Azərbaycanda musiqi təhsili haqqında olub, məqsəd maarif komissarlığının bu yolda nə kimi fəaliyyətdə bulunduğundan və musiqi təhsili işinin nə halda olduğundan lazımınca xəbərdar olmaq istəyənlərə mə'lumat verməkdir.

Bakı hələ çar hökumətinin quberniya şəhərlərindən biri ədd olunan zamanlarda burada «Rus imperator musiqi cəmiyyəti» adlanan bir müəssisəyi-musiqiyyənin şö'bəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömr sürüb müntəzəm bir surətdə yaşadığı halda qapılarını musiqi təhsili arzusunda bulunan türk balaları üçün daima bağlı saxlardı. Bu qədər uzun bir zaman içində bu məktəbdə bir nəfər də olsun yerli türklərdən oxuyan və məktəbi bitirən olmadı. Məktəbin mövcud olub-olmadığı haqqında yerli türklərin xəbəri belə yox idi.

O idi ki, musiqiyə bir bu qədər mustəid olan türklər illərcə musiqi təhsilindən məhrum qalıb, meydana bir nəfər də olsun elm qazanmış və təhsil görmüş musiqar çıxara bilmədilər və bunun nəticəsidir ki, bu gün türk dilinə tərcümə edilmiş olan Avropa operalarını xalqa göstərmək üçün özgə dildə danışan artist və musiqarlara müraciət etmək məcburiyyəti vardır!

Fəqət, xalq deyir ki, yaman günün ömrü uzun olmaz. Rus inqilabi-kəbiri mənhus çar hökumətini alt-üst etməklə ümum millətləri zəncir əsarətindən xilas etdi və onların üzünə əsrlərcə bağlı qalan maarif və mədəniyyət qapılarını açıb taybatay qoydu. Elm və sənət təşnəsi olanlar özlərini darülelm3, darülfünun4 və darülbədaye5 ağuşuna atıb elm və ürfandan bəhrəmənd olmağa fürsət tapdılar.

Musiqi məktəbləri dəxi qapılarını olduqca gen açıb təhsili-sənət həsrətində olanları dəstə-dəstə içərisinə qəbul etdi. Əvvəllər yüz əllidən artıq şagirdi olmayan Bakı musiqi məktəbinin dəxi bu səfərki şagirdləri ədədcə dörd-beş mini təcavüz etməyə başladı. Fəqət əcayib bir hal!

Bu dörd-beş min nəfər şagirdin qismi-əzəmi türklərdən olmaq lazım gəldiyi halda, bunların ədədi biləks on-on beş nəfərdən artıq ya ola, ya olmaya idi!  

Burada hər bir kəsin türk balaları elm və sənətdən qaçırlar deməyə haqqı var idi. Çünki məktəb qapısı hər kəs üçün bir əndazədə açıq idi və təhsili-sənətə qarşı heç bir məmaniət yox idi.

Xalq maarif komissarlığı işin bu cəhətinə lazımınca diqqət yetirməyə məcbur olub bu müəssif əhvalın səbəblərini aramağa başladı.

Nəticədə məlum oldu ki, illərcə yalnız gendən tamaşa etməyə alışmış olan türk balaları birdən-birə özgələrə qarışıb təhsili-elm və sənətə həvəs göstərəcək qədər cəsarətdən məhrumdurlar. Ona görə bunlar üçün xüsusi şərait üzrə təşkil edilmiş məktəb və mədrəsələr lazımdır. Bunun nəticəsi idi ki, xüsusi darülmüəllimat, darülmüəmmeyn, institutlar, texnikumlar və əz cümlə darülmusiqi təşkilinə lüzum görüldü. Bu məktəblər açılar-açılmaz türk balaları intizar mafövqində bir həvəslə özlərini irəli atdılar və bir az çəkmədi ki, məktəbləri tam mə'nasilə doldurdular. Boylə ki, iki sənə bundan əvvəl açılmış olan Azərbaycan hökumət türk musiqi məktəbində bu gün beş yüzdən artıq şagird təhsili-sənət etməkdədirlər və bundan artığını qəbul etmək mənzildarlıq cəhətincə imkan xaricində olduğundan bir çoxları qəbul edilməyib qalırlar. İş o məqamə çatıbdır ki, hələ çadra içində yaşamağı tərk etməmiş olan arvadların qızlarının əlindən tutub bunu da musiqi məktəbinə qəbul edin—deyə yalvarmağına rəğmən daha məktəbdə yer yoxdur,—deyə iddiasını rədd etməyə məcburiyyət görünür. Hələ məktəbdə təhsil məccani olmayıb, tədris haqqı verilmək lazım olduğunu da nəzərə almalı.

Azərbaycan hökumət türk musiqi məktəbi iki sənə bundan əvvəl təsis edilib. Birinci sənə yüz qırx, ikinci sənə iki yüz əlli və üçüncü sənə isə beş yüzdən artıq şagird oxutmaqdadır. Bu şagirdlərin haman yarısı qız və yarısı oğlanlardır. Məktəbdə tədris edilən dərslər bunlardır: piano dərsi, violon (kaman), violonçel, kontrabas, fleyta, klarnet (haboy, truba), valtorn, trombon, qərbi qina6şərqi qina7, tar, kamança, elmi-musiqi və xor dərsləri. Piano dərslərinin dörd, violonun beş, tar və kamançanın dörd, şərqi qinanın iki, qərbi qinanın dəxi iki, elmi musiqinin beş və sair dərslərin birər müəllimləri olmaq üzrə cəmisi qırx nəfərə qədər müəllim vardır. Bu müəllimlərin qismi-əzəmi ali musiqi təhsili almış və sənədlərcə müəllimlik təcrübəsində bulunmuş zübdə pedaqoqlardandır.

Məktəb birinci və ikinci dərəcəli olub müddəti-təhsili səkkiz sənədir. Məktəbi bitirəcək olan şagirdlər musiqidən lazımınca mə'lumat almış, öz ixtisası dərslərindən kəsbi-məharət etmiş, musiqarlar sənətilə çıxıb istəsələr konservatoriyaların ali sinfinə daxil olub ikmali-təhsil edə bilər; istəməsələr öz işində mahir bir sənətçi sifətilə qulluqlara girib ifayi-vəzifəyi musiqiyyə edə bilərlər.

Məktəbin ən yaxın məqsədi türkləri musiqi sənətinə-alışdırmaqla bunlar üçün yeni bir sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təb'i sahiblərn zühu-rə çıxarmaqla bəşəriyyətə bu yolda xidmətlər göstərməkdir.

Digər böyük bir qayəyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib qərb musiqisinin bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilətməkdir. Şübhəsizdir ki, tar çalmaq ustadlığını ba qaidə not üzrə öyrənmiş, muqamati-şərqidən lazımınca mə'lumat kəsb etmiş, elmi-musiqinin nəzəriyyat və əməliyyat cəhətlərinə sənələrcə təhsil etmiş olan tarzən ilə bu mə'lumatlardan bibəhrə qalan toy tar calanlarının arasında zəminü-asiman təfavüt olub, Şərq musiqisinin tərəqqisinə kömək edənlər ancaq birincilər ola bilərlər.

Musiqi məktəbi Bakıdan başqa Gəncədə dəxi mövcuddur. Fəqət bu məktəbin haqqında hələlik lazımınca xəbərdarlığımız yoxdur.

Hər halda o və ya bu məktəblərin irəlidəki tərəqqisi hökumətin köməyindən asılıdır. Maarif meydanında musiqi sənəti də mühüm cəbhələrdən biridir ki, orasını dəxi möhkəm saxlamaqla cəhalət düşməninə qarşı yeni bir qüvvət kəsb etmiş oluruq.

 


 

1. Məqalə «Maarif və mədəniyyət» jurnalının 1923-cü il 12-41 nömrəsində çap olunmuşdur.
2. O zaman işlənilən farslaşmış formadır, «iranlılar» deməkdir.
3. Darülelm (ə), yəni «ali elm məktəbi».
4. Darülfunun (ə), yəni «universitet».
5. Darülbədaye (ə), burada «konservatoriya» deməkdir.
6. Avropa üsulu ilə oxumaq (vokal).
7.Şərq üsulu ilə oxumaq (xanəndəlik).  

 

 

 

 
   © Musigi Dunyasi, 2005