Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 

 Poeziya



ŞÖHRƏT TACI  

ULU AD    

 

Neçə-neçə övliya əzəldən bəri ehtiramla yad edilir. Təbii ki, onların sırasında ən məşhur, ən çox itaət edilənlərin sayı nisbətən azdır. "Üzeyir" ismi Qur'anda xatırlansa da, ilahiyyatçıların bu barədə fikirləri tuş gəlmir.

Bə'ziləri qədim zamanlardakı Üzeyiri peyğəmbərlərdən biri sayır, başqalarının nəzərində o, dini mövqeyinə görə daha aşağıda durur, sadəcə bir müqəddəs övliya kimi vəsf edilir. Yəqin buna görə də "Üzeyir" adı çox geniş yayılmamış və el içində bu ada az təsədüf olunur. Hər halda Əbdül Hüseyn bəy və Şirinbəyimin ailəsində dördüncü balaları dünyaya göz açanda, ona həmin adı vermişlər. Və bu adı daşıyan oğul hələ sağlığında əfsanələşdi, azəri yurdundan uzaqlarda da tanındı. Bu fitri iste'dad çoxlarının xəyalında göylərdən zühur etmiş, adi bəndələr içində peyda olmuş bir mö'cüzə kimi canlandı...

O, bütöv bir dövrü təmsil edən canlı tarixə döndü. Üzeyir Hacıbəyov milli simfonik musiqimizin, milli operamızın banisi, xalqın sevdiyi musiqili komediyaların, vokal sənəti incilərinin yaradıcısı oldu. Üzeyirin, qardaşı Ceyhun bəylə məşhur "Azərbaycan" qəzetinə redaktorluq etmələri yaşlı nəslə mənsub olanların yadındadır, lakin uzun illər boyu nə bu barədə söz açmaq, nə də mühacirətdə yaşamış jurnalist və ictimai xadim kimi tanınmış Ceyhun bəyin adını çəkmək olmazdı. Təzə nəsillər Üzeyir bəyin iti qələmli publisist və satirik olmasından uzun zaman bixəbər qalmışdılar. Yaşıdları, müasirləri onu xüsusi vurğu ilə, ehtiramla Üzeyir bəy adlandırsalar da rəsmi sənədlərdə, mətbu yazılarda belə xitab yasaq idi.

Milli konservatoriyamızın banisi, rektoru və professoru, Azərbaycan SSR dövlət himninin müəllifi, SSRİ xalq artisti, iki dəfə Stalin mükafatı laureatı, respublika Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Ali Soveti deputatına "sovetsayağı" adı və atasının adı ilə müraciət edilməsi təkidlə buyurulsa da, yaşlı nəsil onu Üzeyir bəy kimi tanıyırdı. Cavan artistlər - çalğıçılar, müğənnilər, rəqqaslar isə ustada çox məhrəmanə "Üzeyir əmi" deyirdilər və yəqin ki, bu xitab ustadın cavan sənətkar qohumlarından - dirijor, bəstəkar və rejissorlardan irəli gəlirdi. Maraqlıdır ki, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyamızın indiki rektoru Fərhad Bədəlbəyli həm Üzeyir bəyin, həm də milli səhnəmizin ilkin çağlarında qadın rollarında da çıxış etmiş Əhməd bəy Ağdamskinin qardaşı nəvəsidi. Məşhur müğənnimiz Müslüm Maqomayev də böyük ustadın məsləkdaşı və bacanağının nəvəsidir. Üzeyir bəy hələ sağlığında dahi sənətkar kimi şöhrətlənsə də, təkəbbürdən uzaq, sadə, xeyirxah və həssas bir insan idi, ətrafdakıların qayğılarına, dərdisərinə can yandırardı.

1920-ci ildə Üzeyir bəyin də adı sinfi düşmənlərin siyahısına düşmüşdü və N. Nərimanovun qətiyyətli həyanlığı olmasaydı, böyük bəstəkarımız da güllələnəcəkdi...Taleyin işinə bax ki, o, yetmiş ildən artıq bir müddət keçəndən sonra, ölümündən sonra düşmən gülləsinə hədəf oldu... Vaxtilə ona xeyir - dua vermiş, böyük gələcəyini uzaqgörənliklə bildirmiş Xan qızı Natəvanla, səhnədəki Koroğlunun ilkin və bənzərsiz ifaçısı Bülbüllə birgə...O, doğma Şuşa torpağında erməni faşistləri tərəfindən güllələndi. Vəhşi təcavüzkarlar Qarabağın yetirdiyi böyük övladlarının tunc büstlərini odlu qurğuşunla dəlik-deşik etdilər...

 Yaralı heykəlləri dolayı yolla, bir göydəndüşmə fürsət sayəsində Bakıya gətirib çıxarmaq mümkün oldu...

Gözlərinə qan sızmış vəhşilər qana bilməzlər ki, xalqın qəlbində, şüurunda yaşayan, xalqın ölməz ruhunu ucaldıb, ucalanı nə güllə, nə qumbara, nə mina, nə də raketlərlə məhv etmək olmaz... Onun adı Azərbaycan dövlətçiliyinin rəmzi - Dövlət himni ilə yanaşı durur və biz bu himnin sədaları altında sabahları qarşılayır, ayağa qalxırıq, təntənəli anlarda başqa xalqların, ölkələrin elçiləri də bizə qoşulur...

Üzeyir... bu ad azəri xalqı üçün uludur, müqəddəsdir. Bu da, doğma yurdumuzun böyük oğlu, ulu vətəndaşı, vətənpərvəri, başqa millətli, məzhəbli bəşər övladlarına da hörmətlə yanaşmağı təlqin edən bir beynəlmiləlçinin adıdır.

Uzeyir bəyə həsr edilmiş əsərlərin külliyyatı neçə-neçə qalın cild təşkil edərdi. Sizə təqdim olunan toplu isə ölməz ustadın solmaz şöhrət çələngindən yalnız bircə yarpaqdır.

 Ramazan Xəlilov,
professor,
Azərbaycan Respublikasının
əməkdar mədəniyyət işçisi
Vladimir Qafarov,
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi.

 
   © Musigi Dunyasi, 2005