BƏRADƏRİM HÜSEYN-QULU!
Əvvəla, səlamat olasınız və saniyən
bu tərəfin əhvalını xəbər alsan,
allaha şükür sağ-salamat varıq və
əlavə teleqraf vasitəsilə yüz manat göndərmişdin,
gəldi çatdı və əlavə bu gün
Müslümdən dəxi kağız aldım.
Yazır ki, «Nicat» adamları köhnə kontraktı
götürüb gedib polismestrə göstəriblər
ki, guya mən yazdıqlarımı onlara satmışam.
Polismestr də Müslümün cavabını
biləndən sonra, onlara deyibdir ki, gediniz Müslümbəy
ilə bir növ barışıq ediniz və bir
də Müslüm mənə yazır ki, onu Tiflis
Cəmiyyəti-xeyriyyəsi qışda qastrola çağırıbdır.
Tiflisdə onlar üçün üç dənə
oyun versin. Bu da çox yaxşıdır. İnşallah
qışda oraya gedərsiniz.
Mən dəxi bu halda bir tərəfdən dərs
oxumaqda və bir tərəfdən də «Arşın
mal alan»ı yazmaqdayam. Amma çox qəribə operetta
olacaqdır. İnşallah sentyabrda göndərərəm
ki, əvvəlcə onu qoyarsınız. Amma «Əsli
və Kərəm»i gündüz oynamaqda böyük
səhv edibsiniz, mən bu barədə Müslümə
dəxi yazmışam.
O ki, qaldı pul işinə o barədə mənim
işim yaşdır, çünki göndərdiyin
pulun yarısı müəllimə və dərs
işlərinə gedib, qərəz bu halda pula böyük
ehtiyacım vardır. Sən görünür ki,
pulun hamısını bir yerdə göndərə
bilməzsən, elə olan surətdə çox
təvəqqə edirəm ki, yə'ni iki yüz
manatını indi və iki yüz manatını
da avqustda. Amma bir də artıq təvəqqə
edirəm ki, bu iki yüz manatı mümkün olsa
kağız alan günü göndərəsən
ki, pulun gec gəlməsi dərsimə xələl
yetirməsin. İnşaallah mən konservatoriyaya
girəndən sonra Bakıya gəlib işlərə
bir baş çəkmək fikrim dəxi vardır.
Onda işlər hamısı asan olar və onu da
bil ki, sənin zəhmətin mənim yadımda
heç vaxt hədər getməz, çünki hər
halda biz bir-birimizə lazım olan adamıq və
mənim də bu qədər əlləşməyim
odur ki, gələcəkdə teatr işini elə
bir hala salaq ki, nəinki təkcə bir Bakı və
ya Qafqaz, bəlkə hər bir yerdə və hər
bir şəhərdə teatr verməyə imkanımız
olsun.
Ançaq bir qədər vaxt gözləmək
və zəhmət çəkmək lazımdır.
Mən Bakıda olarkən öz əsərlərimin
qədrini bilmirəmmiş, amma burada bilirəm ki,
mənim əsərim gələcəkdə böyük
bir iş görəcəkdir. Çox şadam ki,
satmadım, indi hələlik xudafiz, əlbəttə
pulu tez göndər ki, arada məətəlçilik
olmasın. Bə'dd ərzi-salam.
30 iyul, 1913-cü il.
Peterburq Bəradərin. Üzeyir.
1. Məktub ilk dəfə 1939-cu ildə «İnqilab
və mədəniyyət» jurnalının 3-cü
nömrəsində dərc olunmuşdur.